İlin sonu bələdiyyələr üçün məsuliyyət imtahanıdır: İndi hər gün, hər addım önəmlidir!
Bu gün bələdiyyələrin ictimaiyyətlə əlaqələrində və sosial media fəaliyyətində əsas diqqət sakinlərin təklifləri əsasında, eləcə də bələdiyyə iclaslarının müvafiq qərarları ilə həyata keçirilən layihələrin icrası barədə məlumatların paylaşılmasına yönəldilməlidir. Sakinlər bilməlidirlər ki, onların müraciətləri, təklifləri və təşəbbüsləri diqqətdən kənarda qalmır, əksinə, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində nəzərə alınır və konkret layihələrə çevrilir.
Bununla
yanaşı, bələdiyyələr gündəlik olaraq keçirdikləri vətəndaş qəbulları barədə məlumatları
da ictimailəşdirməyi unutmamalıdırlar. Qəbulun keçirilməsi, sakinlərin hansı məsələlərlə
bağlı müraciət etməsi, qaldırılan problemlərin həlli istiqamətində görülən işlər
barədə mütəmadi məlumat verilməsi bələdiyyə ilə vətəndaş arasında etimadın möhkəmlənməsinə
xidmət edir. Unutmaq olmaz ki, şəffaflıq yalnız görülən işlər barədə hesabat
vermək deyil, həm də sakinlərlə davamlı və açıq ünsiyyət qurmaqdır.
Hazırda bələdiyyələrin
qarşısında duran ən vacib və təxirəsalınmaz məsələlərdən biri də vergi ödənişlərinin
təmin edilməsidir. Noyabrın 15-i vergi ödəyiciləri üçün vergi ödənişlərinin son
müddətidir. Bu tarixdən sonra ödənilməmiş vergi borclarına görə Vergi Məcəlləsinin
tələblərinə uyğun olaraq hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,1 faizi həcmində
faiz hesablanır. Bu baxımdan, bələdiyyələrin vergi xidməti əməkdaşları xüsusilə
fəal olmalı, sakinlərlə fərdi görüşlər keçirməli, onlara vergi öhdəliklərini,
vaxtında ödənişin əhəmiyyətini və gecikmənin yarada biləcəyi maliyyə nəticələrini
ətraflı izah etməlidirlər.
Burada əsas
məqsəd yalnız vergi borclarının yığılmasına nail olmaq deyil, həm də vətəndaşlarda
vergi mədəniyyətini formalaşdırmaq, onların yerli büdcənin gəlirlərinin
artırılmasında iştirakının əhəmiyyətini anlatmaqdır. Çünki hər bir sakinin ödədiyi
yerli vergi vəsaiti bələdiyyə büdcəsinin formalaşmasına, həmin vəsait hesabına ərazidə
sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradır.
Bu istiqamətdə
sosial medianın imkanlarından da maksimum istifadə edilməlidir. Vergi ödənişlərinin
son tarixi, ödəniş üsulları, mövcud borcların yoxlanılması qaydası və gecikməyə
görə hesablanan faizlər barədə aydın, sadə və anlaşıqlı məlumatlar hazırlanaraq
mütəmadi paylaşılmalıdır. Sosial media sadəcə görülən işlərin nümayiş
etdirildiyi platforma deyil, həm də vətəndaşlarla operativ əlaqənin qurulduğu,
problemlərin dinlənildiyi və ictimai maarifləndirmənin aparıldığı mühüm vasitədir.
Digər
mühüm məsələ isə növbəti ilin bələdiyyə büdcəsinin hazırlanması və təsdiqidir.
Dekabrın 20-dək bələdiyyələrin gələn ilin büdcəsini iclasda müzakirə edərək təsdiqləməsi
və ictimaiyyətə açıqlaması təmin olunmalıdır. Büdcə layihəsi hazırlanarkən
sakinlərin təklifləri, ərazinin mövcud problemləri, prioritet ehtiyaclar və
maliyyə imkanları nəzərə alınmalıdır. Təsdiq edilmiş büdcənin ictimailəşdirilməsi
isə vətəndaşlara bələdiyyənin növbəti ildə hansı istiqamətlərə vəsait
ayıracağını əvvəlcədən bilməyə imkan verəcək. Bu, həm şəffaflığın, həm də
ictimai nəzarətin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bundan
başqa, yeni ildən vergi ödəyicilərinə bildirişlərin elektron qaydada təqdim
olunacağını nəzərə alsaq, bələdiyyələr indidən informasiya sistemlərində mövcud
olan boşluqları aradan qaldırmalıdırlar. Xüsusilə Bələdiyyələrin Vergi
İnformasiya Sistemində (BVİS) məlumatların düzgünlüyü, vergi ödəyicilərinin
qeydiyyat məlumatlarının aktuallığı və elektron bildirişlərin vaxtında
çatdırılması üçün zəruri hazırlıq işləri görülməlidir. Sistemlə bağlı texniki və
təşkilati çatışmazlıqların ilin sonuna qədər aradan qaldırılması gələcəkdə
yarana biləcək problemlərin qarşısını almaq baxımından vacibdir.
Göründüyü
kimi, ilin sonuna yaxın bələdiyyələrin üzərinə düşən işlərin həcmi və məsuliyyət
yükü bir neçə dəfə artır. Vergi daxilolmalarının təmin edilməsi, vətəndaşlarla
işin gücləndirilməsi, görülən layihələrin ictimailəşdirilməsi, növbəti ilin
büdcəsinin təsdiqi və elektron idarəetməyə keçidlə bağlı hazırlıq tədbirləri
eyni vaxtda və sistemli şəkildə həyata keçirilməlidir. Bu səbəbdən bələdiyyələr
vaxtlarını düzgün planlaşdırmalı, mövcud insan və texniki resurslardan səmərəli
istifadə etməli, əsas diqqəti məhz bu prioritet məsələlərə yönəltməlidirlər.
Xüsusilə
Dövlət Sosial Müdafiə Fonduna (DSMF) borcu olan bələdiyyələr üçün vəziyyət daha
mürəkkəbdir. Belə bələdiyyələr qarşılarında duran digər vəzifələrlə yanaşı,
sosial sığorta haqları üzrə yaranmış borcların da ödənilməsinə ciddi yanaşmalı,
borcun bağlanılması istiqamətində konkret tədbirlər planı hazırlamalıdırlar.
Çünki mövcud borcların həlli gələcək maliyyə öhdəliklərinin vaxtında yerinə
yetirilməsi və bələdiyyənin maliyyə dayanıqlığının qorunması baxımından mühüm əhəmiyyət
kəsb edir.
Bir sözlə,
ilin son ayları bələdiyyələr üçün sadəcə hesabat və yekunlaşdırma dövrü deyil,
həm də idarəetmənin səmərəliliyinin, maliyyə intizamının və vətəndaşlarla
münasibətlərin real vəziyyətinin ortaya çıxdığı mühüm mərhələdir. Bu dövrdə
passivlik, işlərin sonraya saxlanılması və formal yanaşma yolverilməzdir.
İndi hər
bir bələdiyyə daha çevik, daha təşəbbüskar və daha məsuliyyətli olmalıdır.
Çünki ilin sonunda əldə ediləcək nəticələr təkcə büdcə göstəriciləri ilə deyil,
həm də sakinlərin bələdiyyəyə olan etimadı, görülən işlərin keyfiyyəti və
qarşıdakı ilə nə dərəcədə hazırlıqlı daxil olunması ilə ölçüləcək.
Beləliklə,
belə həssas və məsuliyyətli bir dövrdə əl-ələ verib bələdiyyə sisteminin inkişafına hər birimiz öz
töhfəmizi verməliyik. KONKRET.
Vüqar
Tofiqli
Rəylər
0 Rəy